Azərbaycanın mədəni irsini beynəlxalq müstəvidə tanıdan növbəti layihə Bolqarıstanın Veliko Tırnovo şəhərində reallaşır. Şəhərin mərkəzi hissəsində salınacaq “Şuşa” parkı müasir ictimai məkan kimi nəzərdə tutulub və həm şəhər sakinləri, həm də qonaqlar üçün yeni istirahət zonası olacaq.
Layihənin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, işçi layihələndirmə işləri isə Bolqarıstanın “DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.
Ümumi sahəsi təxminən 1,81 hektar olan parkda funksional zonalaşdırma, piyada yolları, rekreasiya sahələri, süni su hövzəsi və musiqili fəvvarə kimi elementlər planlaşdırılıb. Ərazidə Nizami Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası və xarıbülbül motivləri layihənin əsas simvolik hissələrini təşkil edəcək.
Parkın yerləşdiyi məkan şəhərə daxil olan əsas yol üzərindədir və burada Şuşanın simvolu sayılan Xarı bülbül kompozisiyası giriş elementi kimi nəzərdə tutulub. Layihə həm memarlıq baxımından, həm də mədəni mesajı ilə şəhərin yeni simvollarından birinə çevrilməyi hədəfləyir.
Bu layihə milli-mədəni dəyərlərimizin beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.