17 oktyabr 2020-ci il tarixində 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən, ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub. Raket zərbələri nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır bədən xəsarətləri alıb.

Baş vermiş faciə nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla Gəncə Memorial Kompleksi layihələndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kompleksin təməli qoyulub.

Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkəti, tikinti layihəsi isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış Kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir.

Gəncə Memorial Kompleksi 4 ha torpaq sahəsini əhatə edəcək. Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş və hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir. Eyni zamanda muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb. Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, Gəncə hadisələrinin işıqlandırılmasında xüsusi rol oynayacaq. 

Bununla yanaşı, muzey binasından əlavə olaraq raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub. Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş park da layihələndirilib. Ərazidə həmçinin 3 ədəd giriş tağları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası planlaşdırılır. Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2 , konservasiya olunan binaların sahəsi 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.


 

digər layihələr